19 Avqust, 2023
Şirkəti yaratmaq üçün nə etmək lazımdır?

Bildiyimiz kimi, yeni biznes qurmaq və bu biznesin dayanıqlılığını təmin etməyin başlıca təməllərindən biri şirkət təsis etməkdir.
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən hüquqi şəxsin (şirkət) bir neçə forması nəzərdə tutulmuşdur. Bunlara misal olaraq MMC, ASC, QSC və digər formaları göstərmək olar. Lakin, bunlar arasında ən çox yayılmış forma məhdud məsuliyyətli cəmiyyət, yəni MMC-dir.
MMC-ni hansı formada təsis etmək olar?
Praktikada MMC-ni yaratmağın 2 forması mövcuddur: elektron formada və adi formada.
Onlayn qaydada şirkət təsis etmək üçün İnternet Vergi İdarəsinin, yəni https://www.e-taxes.gov.az/ saytına daxil olmaq, “Giriş” bölməsinə keçid etmək, şəxsiyyət vəsiqəsinin FİN kodunu və adınıza qeydiyyatdan keçmiş nömrəni qeyd etmək və telefonunuza gələn kodu qeyd etməlisiniz. Bundan sonra, açılan yeni səhifədə “hüquqi şəxsin elektron qeydiyyatı” bölməsini seçməli və açılan səhifədə ərizə formasına müvafiq məlumatları daxil etməlisiniz.
Qeyd etmək istədiyim digər nüans odur ki, onlayn qaydada şirkəti qeydiyyatdan keçirən zaman siz eyni zamanda ASAN imza sertifikatı, bank hesabı sifariş verə, o cümlədən əmək müqaviləsi barədə məlumatları sistemə əlavə edə bilərsiniz.
Siz elektron qeydiyyat ərizənizi tamamladıqdan sonra 1 iş günü ərzində MMC-nin təsis sənədləri (Şirkətin nizamnaməsi, reyestrdən çıxarış, VÖEN) Dövlət Vergi Xidməti tərəfindən sizin elektron kabinetinizə göndəriləcək.
Bəs adi qaydada şirkəti necə təsis etmək olar?
MMC-ni adi qaydada təsis etmək üçün aşağıda qeyd edilən mərhələləri ardıcıllıqla həyata keçirmək tələb olunur:
- Şirkətin hüquqi adının və hüquqi ünvanının müəyyən edilməsi;
- Şirkətin təsis edilməsi barədə təsisçilərin qərarını hazırlamaq;
- Şirkətin nizamnaməsini hazırlamaq;
- Müvafiq qeydiyyat orqanına təqdim etmək üçün Kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında ərizə və Təsisçi fiziki və ya hüquqi şəxslər barədə məlumatı hazırlamaq;
- Dövlət rüsumunun ödənilməsi;
- Şirkətin bank hesabının açılması;
- Nizamnamə kapitalının ödənilməsi;
- Qeyd edilən sənədləri Kommersiya Hüquqi Şəxslərinin Dövlət Qeydiyyatı İdarəsinə və ya ASAN xidmət mərkəzlərinə təqdim etmək.
Bütün sənədləriniz qaydasında olduğu təqdirdə üç iş günü ərzində şirkətin nizamnaməsi, vergi şəhadətnaməsi, yəni VÖEN-i və Kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış sizə təqdim ediləcəkdir.
Bundan sonra, şirkətin nizamnaməsini təqdim etməklə şirkətin rəsmi möhürünü hazırlatdıra bilərsiniz.
Şirkəti yaradan zaman və bundan sonrakı mərhələdə ciddi problemlə üzləşməmək üçün hüquqşünasla məsləhətləşməyiniz tövsiyə olunur.
Şərhlər
Mehemmed
20 Yanvar, 2025
Salam.Mənim bir sualım olacaqdı.Adına kredit olan şəxs firma və ya şirkət aça bilərmi? və ya firma açmaq istəyəndə bankdan bu tip sənədlər tələb olunurmu? Bu firma açan şəxsə bir problem olarmı? Adında kredit olmaqı.Öncədən təşəkkürlər
Hicrət Hüseynzadə
20 Aprel, 2025
Salam, şirkət təsis edəndə kredit borcunun olub-olmamasına dair sənəd tələb olunmur. Aça bilər.