19 Aprel, 2025
İnternetdə kimisə təhqir etməyə görə şəxsi hansı cəza gözləyir?

Müasir dövrdə sosial şəbəkələr hər birimizin həyatının ayrılmaz tərkib hissəsidir desək yanılmarıq. Sosial şəbəkələrin insanlar arasında rahat ünsiyyət forması, sahibkarın bazara çıxardığı məhsulun reklam vasitəsi, dünya və ölkədə baş verən hadisələr barədə məlumat ötürücüsü kimi faydalı funksiyaları insanları sosial şəbəkələrdən asılı hala gətirmişdir.
Bəzi hallarda isə sosial şəbəkə istifadəçilərinin həmin şəbəkələrdən düzgün formada istifadə etməməsinin, hətta həmin şəbəkədəki profilləri vasitəsilə digər şəxsləri təhqir etməsinin, onlar haqqında xoşagəlməz ifadələri işlətməsinin şahidi oluruq. Çox təəssüf ki, “Instagram”, “TikTok” kimi sosial şəbəkələrin ölkəmizdə geniş yayılması bu kimi halların daha tez-tez baş verməsinə rəvac verir.
Təhqir dedikdə nə nəzərdə tutulur?
Məlum olduğu kimi Azərbaycan Respublikasının Konstitusiyası insan hüquq və azadlıqlarının ən ali təminat vasitəsi kimi hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququnu ehtiva etməklə şərəf və ləyaqət kimi dəyərləri mühafizə altına almış olur.
Təhqir dedikdə kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma nəzərdə tutulur.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsində təhqirə verilən yuxarıdakı tərifdən çıxış edərək bu qənaətə gəlmək olar ki, başqa şəxsin şərəf və ləyaqətini məhz kütləvi şəkildə, yəni televiziya çıxışlarında, kütləvi formada sosial şəbəkələrdə, ictimai yerlərdə, xəbər saytlarında dərc olunan yazılarda alçaltma cinayət məsuliyyətinin yaranmasına səbəb olur.
Təhqir cinayətini törədən şəxsin cəzası nədir?
Bir şəxsin digər şəxsi kütləvi şəkildə təhqir etməsi sübuta yetirildiyi halda həmin şəxs min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
İşin hallarından, cinayəti törədən şəxsin şəxsiyyətindən və digər nəzərə alınan hallardan asılı olaraq yuxarıda qeyd edilən cəzalardan biri təyin edilməklə cinayəti törədən şəxs cəzalandırılır və bununla da həmin şəxsə təyin edilən cəza onun barəsində məhkumluğun yaranmasına səbəb olur.
Təhqir olunan şəxs ona mənəvi zərər dəydikdə bununla bağlı nə etməlidir?
Bir şəxs digər şəxs tərəfindən kütləvi şəkildə təhqir olunduğu halda onun şərəf və ləyaqəti alçaldılır, həmçinin bu hal onun işgüzar nüfuzuna xələl gəlməsinə səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələbinə əsasən şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.
Göründüyü kimi qanunvericilikdə təsbit olunmuşdur ki, təhqir olunan şəxs onu təhqir edən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsindən əlavə, təhqir nəticəsində ona dəymiş mənəvi zərərin əvəzi olaraq pul kompensasiyasının təhqir edən şəxsdən alınaraq ona ödənilməsinə dair məhkəmədə iddia qaldıra bilər. Həmçinin, təhqir olunan şəxs onun barəsində yayılan təhqiramiz ifadələrin təkzib olunmasını təhqir edən şəxsdən tələb edə bilər.
Təhqir olunan şəxs onu təhqir edənin cəzalandırılması üçün nə etməlidir?
Əksər hallarda sosial şəbəkələrdə təhqir olunan şəxslər onu təhqir edən şəxsin cəzalandırılması üçün polis orqanlarına müraciət edirlər. Lakin, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə əsasən təhqir olunan şəxs yazılı şikayətlə cinayətin baş verdiyi yer üzrə müvafiq rayon (şəhər) məhkəməsinə müraciət etməlidir.
Cinayət prosessual qanunvericiliyə əsasən təhqirə görə cinayət təqibi xüsusi ittihamçının, yəni təhqir olunan şəxsin məhkəmə verdiyi şikayət əsasında başlayır. Həmin şikayət qanunvericiliyə uyğun formada tərtib edilmədikdə, həmçinin məhkəməyə müraciət edən şəxsin (xüsusi ittihamçının) təhqir olunmasına dair sübutlar məhkəməyə təqdim olunmadıqda həmin şikayət məhkəmənin icraatına qəbul edilmir.
Buna görə də təhqirə məruz qalan şəxs bütün mümkün vasitələrlə özünün təhqir olunmasına dair sübutları (ekran görüntüləri, video qeydlər və s.) toplamalı və onu təhqir edən şəxsin cəzalandırılması məqsədilə müvafiq hüquqi tədbirlərin görülməsi üçün peşəkar hüquqşünasa (vəkilə) müraciət etməlidir.
#təhqir #cinayət #tiktok #təhqirə görə cəza #cəza #hüquqi yardım
Yazıya şərh yaz