H Ü S E Y N Z A D Ə
27 İyul, 2025

Boşanma prosesi

Boşanma prosesi

Cəmiyyətimiz üçün hər dövrün ən çox aktual olan məsələlərindən biri də ər-arvad arasında nikah münasibətləri və boşanma prosesidir. Bununla bağlı müxtəlif vaxtlarda bloq yazılara, müsahibələrə rast gəlsəz də çalışacıq ki, bu bloq yazıda boşanma prosesinin bütün mərhələlərini izah etməklə insanların düzgün formada məlumatlanmasına nail olaq.

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən nikaha 2 formada xitam vermək olar:

  1. Əgər ər-arvadın birgə nikahdan uşağı yoxdursa, tərəflər müvafiq Qeydiyyat Şöbəsinə (ZAQS) müraciət etməklə nkaha xitam verə bilərlər. Nikaha bu formada xitam verildiyi zaman hər 2 tərəfin ştirakı mütləqdir. Əgər tərəflərdən biri nikaha xitam verilməsi üçün Qeydiyyat Şöbəsinə gəlməzsə, nikaha xitam verilməsini istəyən tərəf Qeydiyyat şöbəsindən müvafiq imtina məktubu alıb iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir.
  2. Əgər ər-arvadın birgə nikahdan yetkinlik yaşına çatmayan uşağı varsa nikaha məhkəmə qaydasında xitam verilməlidir. Və yaxud yuxarıda da qeyd edildiyi kimi tərəflərin yetkinlik yaşına çatmayan uşağı yoxdursa və tərəflədən biri nikaha xitam verilməsi üçün Qeydiyyat Şöbəsinə gəlmirsə, belə olan halda da nikaha məhkəmə qaydasında xita verilməlidir.

       Nikaha məhkəmə qaydasında xitam vermək üçün nə etmək lazımdır?

  • Möcud qanunvericiliyə əsasən nikaha məhkəmə qaydasında xitam vermək üçün ilk olaraq mediasiya təşkilatına müraciət etmək lazımdır. Mediasiya ailə mübahisələri üzrə tərəflərin barışmasına nail olmaq üçün nəzərdə tutulan təsisatdır. Hansı ki, tərəflər məhkəməyə müraciət etməzdən öncə mütləq qaydada Mediasiya Şurasında qeydiyyatdan keçən mediasiya təşkilatlarından birinə müraciət etməlidir. Müraciət üzrə işi icraata qəbul edən mediator tərəflər arasında mübahisəni həll etmək üçün görüş təyin edir. Bu görüşün nəticəsi olaraq tərəflər barışdığı halda mediator barışıq sazişi tərtib edir və boşanma prosesi yekunlaşır. Əks halda tərəflər barışığa nail olmursa, mediasiya təşkilatına müraciət edən şəxs həmin təşkilata müvafiq qaydada rüsum ödəməklə arayış alır.
  • Mediasiya prosesi yekunlaşdıqdan sonra boşanmaq istəyən tərəf iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət edir. İddia ərizəsi qanunvericiliyin tələbinə əsasən tərtib edilməli, müvafiq sənədlər əlavə edilməklə aidiyyəti məhkəməyə təqdim edilməlidir.

         Boşanma haqqında iddia ərizəsinə hansı sənədlər əlavə edilməlidir?

Məhkəməyə təqdim edilən iddia ərizəsinə aşağıdakı sənədlər təqdim edilməlidir:

  1. Tərəflərin şəxsiyyət vəsiqəsinin surəti;
  2. Nikah haqqında şəhadətnamənin surəti (əsli məhkəmə prosesi zamanı təqdim edilməlidir);
  3. Uşaqların doğum haqqında şəhadətnamələrinin surəti;
  4. Mediasiya təşkilatından alınan arayış;
  5. Dövlət rüsumunun ödənlməsinə dair qəbz.

     Boşanma prosesi neçə ay çəkir?

Tərəflər onlar arasında bağlanan nikaha Qeydiyyat Şöbəsində xitam verdiyi halda bu proses müvafiq ərizənin verildiyi gündən 30 gün ərzində başa çatır.

Əgər nikah məhkəmə qaydasında pozulmalıdırsa, bu halda məhkəmədən öncə mediasiya prosesinin yekunlaşması 2 həftə vaxt tələb edir. Bundan sonra, tərəf məhkəməyə müraciət edir və işin hallarından asılı olaraq məhkəmə 2-5 ay ərzində nikaha xitam verir. Əgər hər iki tərəf məhkəmə prosesində iştirak edirsə və nikahın pozulmasına razılıq verirsə məhkəmə qısa zaman ərzində (adətən 2 ay ərzində) nikaha xitam verir. Digər halda, tərəflərdən biri məhkəməyə gəlmirsə və ya nikahın pozulmasına razılıq vermirsə məhkəmə tərəflərə barışmaq üçün 3 ay vaxt verir. Bu 3 aylıq müddətin sonunda tərəflər barışmırsa məhkəmə nikaha xitam verir. Bu halda isə boşanma prosesi məhkəmədə təqribən 5 ay davam edir.

    Boşanma zamanı aliment məsələsi necə həll olunur?

Nikaha məhkəmə qaydasında xitam verilən zaman tərəflərdən birinin təşəbbüsü ilə işə baxan məhkəmə birgə nikahdan olan uşaqların saxlanması üçün digər tərəfdən alimentin alınaraq aliment tələb edən tərəfə ödənilməsi məsələsinə baxa bilər.

Qanunvericiliyə əsasən 1 uşağın saxlanmasına görə qazancın (həmçinin, digər gəlirlərin) ¼ hissəsi, 2 uşağa görə 1/3 hissəsi, 3 və daha çox uşağa görə qazancın və digər gəlirlərin yarısı qədər aliment müyyən oluna bilər.

Əgər aliment ödəməli olan tərəf işləmirsə, bu halda məhkəmə alimentin sabit pul məbləğində tutulması barədə qətnamə qəbul edə bilər. Bu məbləğ hər il ölkə üzrə bir uşağın saxlanması üçün minimum məbləğ miqdarında müəyyən olunur. 2025-cü il üçün bu məbləğ 246 manat təşkil edir.

    Boşanma zamanı əmlak bölgüsü necə müəyyən olunur?

Qanunvericiliyə əsasən ər-arvad nikaha xitam verilməsi üzrə məhkəmə işi davam edən müddətdə, həmçinin nikaha xitam verildikdən sonra 3 il ərzində birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsinə dair məhkəməyə müraciət edə bilər. Belə olan halda tərəf eyni qaydada mediasiya prosesindən keçməli, daha sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir. Bu halda tərəflər nəzərə almalıdır ki, yalnız birgə nikah dövründə və ər-arvad kimi faktiki yaşadığı dönəmdə alınmış əmlakın bölgüsü ilə bağlı iddia qaldıra bilərlər.

Əmlak mübahisələri üzrə məhkəmə təcrübəsi onu deməyə əsas verir ki, tərəflər nikaha daxil olan zaman nikah müqaviləsi bağladığı və birgə nikah dövründə əldə ediləcək əmlaklara dair məsələləri həmin nikah müqaviləsində tənzimlədikləri halda boşanma zamanı uzunsürən və gərgin məhkəmə proseslərinin baş verməsinin qarşısı alınır və əmlak mübahisələri çox rahatlıqla həll edilir.

    Boşanma zamanı hüquqi yardım

Əksər hallarda bu kimi halların şahidi oluruq ki, tərəflər qanunvericiliyin tələblərini bilmədən boşanma prosesinə başlayır və müəyyən yanlış addımları atdıqdan sonra vəkilə müraciə edirlər. İstər boşanma prosesi zamanı, istərsə də uşağın valideynlərdən birinin himayəsinə verilməsi, aliment və əmlak tələbi üzrə işlərə başlamazdan öncə yaxşı olar ki, peşəkar vəkil yardımından istifadə edəsiz.

Vəkil boşanma prosesi zamanı sənədlərin düzgün tərtib olunmasına, qanunveriiliyin tələbinə uyğun olaraq ona müraciət edən şəxsin hüquqlarının tam təmin olunmasına nail olmaq üçün bütün zəruri tədbirləri görməklə prosesin qısa müddətdə və uğurla yekunlaşmasına dəstək olur.

Peşəkar vəkil yardımı almaq üçün bizə müraciət edə bilərsiz.

Əlaqə nömrəsi: 051 949 86 58

Gmail ünvanı: [email protected]

Yazıya şərh yaz

Your email address and phone number will not be published. Required fields are marked *