22 Sentyabr, 2023
Atanın razılığı olmadan uşağı xaricə necə aparmaq olar?

Ər-arvad arasındakı nikah pozulduqdan sonra yaranan mübahisələrdən biri də uşağın xaricə aparılması ilə bağlı keçmiş ər-arvad arasındasındakı fikir ayrılığı ilə bağlıdır.
Bildiyimiz kimi nikaha xitam verilən zaman məhkəmənin həll etdiyi məsələlərdən biri də uşağın hansı valideynin himayəsinə verilməsidir. Bu zaman digər valideynin uşaq ilə görüş hüququnun təmin edilməsi də qanunvericilikdə müyyən edilib. Bəzi hallarda, valideynlərdən biri öz himayəsində olan uşağı təhsil, uşağın dünyagörüşünü artırmaq və digər səbəblərə görə xaricə aparmaq istəyir.
Bəs qanunvericilikdə uşağın xaricə aparılması necə tənzimlənir?
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən əsasən yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur.
Uşağın xaricə aparılmasına digər valideyn razılıq vermirsə, bu məsələ necə həll olunur?
Əgər, uşağın xaricə aparılması ilə bağlı uşağın valideynləri arasında fikir ayrılığı varsa, bu mübahisə məhkəmə qaydasında həll edilir. Lkin, tərəflər məhkəməyə müraciət etməzdən öncə mübahisənin alternativ həlli məqsədilə mediasiya təşkilatına müraciət etməlidirlər. Mübahisə mediasiya vasitəsilə öz həllini tapmadıqda, tərəflərdən biri “uşağın atanın (və ya ananın) razılığı olmadan ölkə hüdudlarından kənara aparılması” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etməlidir.
Məhkəmə məsələni hansı formada tənzimləyir?
Bu sahədə formalaşmış məhkəmə təcrübəsi onu deməyə əsas verir ki, əksər hallarda bu cür iddialar məhkəmələr tərəfindən təmin edilir. Bu zaman işə baxan məhkəmə başlıca olaraq uşağın 2 ümdə hüququnu nəzərə alır. Belə ki, hər bir şəxsin Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilə bilmək imkanı Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuşdur. Eyni zamanda, uşaq hüquqlarının müdafiəsinə dair beynəlxalq hüquqi aktlarda hər bir uşağın ən yaxşı həyat səviyyəsi və mənafeyinin qorunması üçün geniş imkanlar nəzərdə tutulmuşdur.
Məhz, uşağın qeyd edilən hüquqlarının həyata keçirilməsini təmin etmək üçün məhkəmələr uşağın digər valideynin razılığı olmadan xaricə aparılması imkanını müəyyən edə bilərlər.
Lakin, nəzərə almaq lazımdır ki, uşağın xaricə aparılması zamanı razılığı alınmayan valideynin həmin uşaqla görüş hüququ var. Buna görə də işə baxan məhkəmə işi araşdıran zaman uşağın xaricə aparılmasının səbələrini, bu zərurətin həqiqətən mövcud olub-olmadığı araşdırmalıdır.
Yazıya şərh yaz