H Ü S E Y N Z A D Ə
13 İyul, 2025

Hansı hallarda şəxsin ölkədən çıxışına “stop” (məhdudiyyət) qoyula bilər?!

Hansı hallarda şəxsin ölkədən çıxışına “stop” (məhdudiyyət) qoyula bilər?!

Son dövrlərdə ictimaiyyətdə ən çox müzakirə olunan məsələlərdən biri də şəxsin ölkədən çıxışına məhdudiyyət qoyulmasıdır. Bir çox hallarda ayrı-ayrı şəxslər onlar barəsində ölkədən çıxışa məhdudiyyət qoyulmasından xəbərsiz olurlar və ölkəni tərk edən zaman sərhədkeçmə məntəqəsində sənədlərin yoxlanması zamanı məhdudiyyət barədə məlumat əldə edirlər. Bu vəziyyət həmin şəxslərin planlarının alt-üst olmasına, bir çox hallarda isə maddi ziyana uğramasına səbəb olur.

Hansı hallarda şəxsin ölkədən çıxışına məhdudiyyət qoyula bilər?

Qanunvericiliyin tələbinə əsasən tərəflər arasında mövcud olan mübahisənin, məsələn pul tələbinə dair mülki mübahisənin nəticəsi olaraq məhkəmə qətnamə qəbul edir. Həmin qətnamə qüvvəyə mindikdən sonra iş üzrə icra sənədi icra olunması üçün müvafiq icra şöbəsinə göndərilir. Həmin icra sənədini icraata qəbul edən icra məmuru icraata başlamaq haqqına qərar qəbul etməklə iş üzrə borcluya maksimum 10 gün ərzində icra sənədini icra etməyi tapşırır. Borclu həmin müddət ərzində icra sənədini könüllü icra etmədiyi təqdirdə icra məmuru həmin şəxs barəsində məcburi icra tədbirləri görür.

“İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1-ci maddəsinə əsasən borclu fiziki şəxs və ya hüquqi şəxsin (şirkətin) direktoru icra sənədini könüllü icra müddətində üzrsüz səbəbdən icra etmədikdə icra məmuru həmin şəxslərin ölkədən çıxışına məhdudiyyət qoyulması üçün məhkəməyə təqdimat verir. Məhkəmə həmin təqdimatı əsaslı hesab etdikdə şəxsin ölkədən çıxışına məhdudiyyət qoyulması barədə qərar qəbul edir.

Bundan başqa, Azərbaycan Respubliksının Vergi Məcəlləsinə əsasən vergi ödəyicisi məbləğindən asılı olmayaraq vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı borclu fiziki şəxsin və ya hüquqi şəxsin direktorunun  ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət edə bilər.

Ölkədən çıxışa məhdudiyyət qoyulması barədə məlumatı necə əldə etmək olar?

Ölkədən çıxışa məhdudiyyət qoyulmasına dair məlumatlar “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə məlumat ötürülür və həmin sistem vasitəsilə  şəxsə məhdudiyyət tətbiq edilir.

Bundan sonra, barəsində məhdudiyyət tətbiq edilən şəxsin adına qeydiyyata alınmış mobil telefon nömrəsinə bu barədə müvafiq məlumatlar göndərilir.

Həmçinin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin exidmet.justice.gov.az vebsaytına daxil olub müvafiq məlumatları daxil etməklə hər hansı şəxsin ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması barədə məlumatları əldə etmək mümkündür.

Cinayət işi üzrə istintaqın davam etdiyi zaman şəxsin ölkədən çıxışına hansı hallarda məhdudiyyət qoyula bilər?

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən cinayət prosesinin həyata keçirilməsi ilə əlaqədar yalnız dörd halda vətəndaşın ölkədən getmək hüququ məhdudlaşdırıla bilər. Həmin əsaslara aşağıdakılar daxildir:

  • Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən şəxs tutulduqda və ya barəsində qətimkan tədbiri (məsələn, həbs edildikdə) seçildikdə;
  • Şəxs məhkum edildikdə;
  • Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə;
  • Şəxsin üzərinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan vəzifələr qoyulmaqla şərti məhkum edildikdə və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdə.

Göründüyü kimi qanunvericilikdə cinayət prosesi gedişində şəxsin ölkədən çıxışına məhdudiyyət qoyulmasının konkret əsasları qeyd edilmişdir.

Lakin, buna baxmayaraq bəzi hallarda cinayət prosesində “şahid” qismində çıxış edən şəxslərin ölkədən çıxışına məhdudiyyət qoyulması kimi hallara da rast gəlinir. Bu kimi məhdudiyyətlərin hüquqi əsası olmadığı üçün hüquqlarının pozulduğunu iddia edən şəxslər həmin məhdudiyyətin tətbiq edilməsi barədə istintaq orqanın hərəkətlərindən məhkəmə nəzarəti qaydasında şikayət verə bilərlər.

Bu cür məhdudiyyətlər məhkəmə tərəfindən tətbiq edilən məhdudiyyətlərdən fərqli olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin exidmet.justice.gov.az sistemində də əks olunmur və şəxs bu barədə ancaq ölkə hüdudlarını tərk etmək istəyərkən məlumat ala bilir.

Şərh edilənlərdən də göründüyü kimi ölkədən çıxmağa məhdudiyyət qoyulması şəxsin bir çox məhrumiyyətlərlə üzləşməsinə səbəb olur. Buna görə də bu cür hallarda peşəkar hüquqi yardım alınması artıq bir zərurətə çevrilir.

Ölkədən çıxmaqla bağlı məhdudiyyətlə üzləşdiyiniz halda hüquqi yardım almaq üçün bizə müraciət edə bilərsiniz.

Yazıya şərh yaz

Your email address and phone number will not be published. Required fields are marked *