5 May, 2024
Azərbaycan vətəndaşlığını necə əldə etmək olar?

Son dönəmlərdə baş verən siyasi hadisələr, o cümlədən böyük fəlakətlərə səbəb olan müharibələr Azərbaycan vətəndaşlığını əldə etmək istəyən digər ölkə vətəndaşlarının sayında ciddi artımın yaranmasına gətirib çıxarmışdır.
Bəs Azərbaycan vətəndaşlığını necə əldə etmək olar?
“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” AR Qanununda (bundan sonra – Qanun) Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmənin aşağıdakı əsasları müəyyən edilmişdir:
1) Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşından doğulduqda;
2) Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edildikdə;
3) Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda;
4) Bu qanunda nəzərdə tutulmuş başqa əsaslar olduqda.
Qanunda Azərbaycan Respublikası vətəndaşlığını qəbul etmənin konkret əsasları müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər.
Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmənin digər əsası şəxsin Azərbaycan Respublikasının vətəndaşından doğulması halıdır. Azərbaycan Respublikasının ərazisində doğulmuş şəxsin hər iki valideyni əcnəbidirsə və ya valideynlərindən biri əcnəbi, digəri isə vətəndaşlığı olmayan şəxsdirsə bu halda o Azərbaycan Respublikasının vətəndaşı ehsab edilmir.
Lakin, Azərbaycan Respublikasında doğulmuş və valideynlərdən biri və ya hər iksi Azərbaycan vətəndaşı olmuş şəxsin Azərbaycan Respublikası vətəndaşı hesab edilməsi məsələsi barədə təcrübədə müxtəlif yanaşmalar mövcuddur.
Belə ki, Azərbaycan Respublikasında doğulan, valideynlərdən biri və ya hər iksi Azərbaycan Respublikası vətəndaşı olmuş və daha sonra digər ölkənin, məsələn Rusiya Federasiyasının vətəndaşlığını qəbul edən şəxs mənsubiyyətin tanıması ilə bağlı müraciət etdikdə şəxsin Azərbaycan Respublikasına mənsubiyyəti əksər hallarda tanınmır.
Bu onunla əlaqələndirilir ki, müraciətin araşdırılması zamanı şəxsin digər ölkənin vətəndaşı olması faktı müəyyən edilir və bu hal Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydasına əsasən mənsubiyyətin tanınmasından imtina üçün əsas hesab edilir. Belə ki, sözügedən Qaydanın 4.4-cü bəndinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır.
Qanunun 18-ci maddəsində Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilməsinin bir neçə halı müəyyən edilmişdir. Onlardan biri də Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi halıdır. Yəni Azərbaycan Respublikası vətəndaşı digər dövlətin vətəndaşlığını könüllü əldə etdikdə onun Azərbaycan Respublikası vətəndaşlığı itirilir. Lakin, Azərbaycan Respublikası vətəndaşlının itirilməsi məsələsi məhkəmə qaydasında həll olunur.
Yuxarıda qeyd edilən Qayda isə Qanunun 18-ci maddəsinin maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsasların mövcud olduğu halda, indiki halda Azərbaycan Respublikası vətəndaşı digər dövlətin vətəndaşlığını könüllü əldə etdiyi halda onun Azərbaycan Respublikasına vətəndaşlığınıa mənsubiyyətinin tanınmasından imtinanı nəzərdə tutur. Başqa sözlə, Azərbaycan Respublikası vətəndaşı digər dövlətin vətəndaşlığını könüllü əldə etdikdə, onun Azərbaycan Respublikası vətəndaşlığının itirilməsinə dair məhkəmə qərarı qəbul edilməsə də belə, həmin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır və ona Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilmir.
Göründüyü kimi Azərbaycan Respublikası vətəndaşlığını əldə etmək kifayət qədər araşdırma və hüquqi biliklər tələb edən bir məsələdir. Bu baxımdan Azərbaycan Respublikası vətəndaşlığını əldə etmək üçün peşəkar hüquqi yardım almağınız tövsiyə olunur.
Yazıya şərh yaz