4 Avqust, 2024
Xarici ölkədə alınmış diplomu Azərbaycanda necə tanıtdırmaq olar?
Müasir Azərbaycan gənci üçün ən prioritet məsələlərdən biri xaricdə təhsil almaqdır. Lakin, xaricdə təhsil alıb Azərbaycana qayıtdıqdan sonra bəzi şəxslər diplomlarını tanıtdırmaq istəyərkən bir çox problemlərlə rastlaşırlar. Bu cür problemlərin yaranmaması üçün xarici ölkəyə təhsil almağa getməzdən öncə xaricdə alınmış diplomların hansı şərtlər əsasında Azərbaycanda tanınması məsələsini müəyyən etmək zəruridir.
Diplomun tanınması dedikdə nə nəzərdə tutulur?
Diplomun tanınması dedikdə xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən sənədin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi nəzərdə tutulur.
Azərbaycan Respublikasında diplomların tanınması barədə müvafiq Qərar qəbul edən qurum qismində Təhsildə Keyfiyyət Təminatı Agentliyi çıxış edir.
Diplomun tanınması üçün müraciət elektron qaydada edilməlidir. Belə ki, Agentliyin vebsaytında qeydiyyatdan keçib tələb olunan sənədləri (diplom, diplom əlavəsi, qeyd edilən sənədlərin apostili, xarici pasport və s.) müvafiq bölmələrə yükləməklə müraciəti tamamlamaq mümkündür. Diplomun tanınması üçün dövlət rüsumunun məbləği 250 manat təşkil edir və həmin rüsum elektron müraciət edilən zaman ödənilməlidir.
Xaricdə alınmış diplomlar hansı şərtlər əsasında Azərbaycan Respublikasında tanınır?
Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydalarına əsasən:
-
Tanınma üçün təqdim edilmiş diplomun (bundan sonra – diplom) verildiyi təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməli və dövlət lisenziyasına malik olmalıdır;
-
Diplom autentik (həqiqi) olmalıdır;
-
Diplomun tanınması üçün müraciət etmiş şəxs hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmalıdır (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olmalıdır);
-
Diplomun tanınması üçün müraciət etmiş şəxs tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsil əldə etməlidir (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə etməlidir).
Bəs hansı hallarda xarici ölkədə alınmış diplom Azərbaycan Respublikasında tanınmır?
Bir çox hallarda xaricdə alınmış diplomların tanınmasından imtina edilir. Bu hallar əsasən müraciət edən şəxsin mövcud qaydalara əsasən tələb olunan müddətdə təhsil aldığı ölkənin ərazisində olmaması və yaxud distant formada təhsil alması ilə əlaqədar baş verir.
Yuxarıda qeyd edilən tanınma şərtlərindən də göründüyü kimi diplomun tanınması üçün müraciət etmiş şəxs hər bir tədris ili ərzində müvafiq ixtisas üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmalıdır.
Lakin, sözügedən Qaydalar 18 avqust 2023-cü il tarixdən qüvvəyə mindiyi üçün qeyd edilən tarixə qədər diplom almış şəxslərin diplomlarının tanınması üçün müraciətlərə həmin vaxt qüvvədə olmuş Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalarına əsasən baxılmalıdır.
Belə ki, həmin Qaydalarda diplomun tanınması üçün müraciət etmiş şəxs hər bir tədris ili ərzində müvafiq ixtisas üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması kimi bir şərt müəyyən edilməyib və bu hal diplomlarını tanıtdırmaq üçün müraciət edən bir çox şəxsin xeyrinə olan bir müddəa kimi qiymətləndirilə bilər.
Diplomun tanınmasından imtina edildiyi halda nə etmək olar?
Qanunvericilikdə diplomun tanınması üçün müraciət etmiş şəxsin diplomun tanınmasından imtina barədə müvafiq Qərarı əldə etdikdən sonra 30 gün ərzində inzibati qaydada və ya məhkəmə qaydasında şikayət vermək hüququ nəzərdə tutulmuşdur.


Şərhlər
ILKIN
17 Aprel, 2026
Salam. Mən Rusiyada 2001 ildə Dövlət İdarəetmə Universitetini bitirmişəm. Apostil görə RF-na möraciyət etmişəm. Lakin RF Ədliyə nazirliyindən mənə yazili rəsmi cavab gəlib ki,ölkələrmiz arasinda saziş olduguna görə,sənədlər qarşiligli taninmalidi. Lakin Azərbaycanda TKTA bunu inkar edir və məndən Apostil tələb edir.
Hicrət Hüseynzadə
18 Aprel, 2026
Salam, araşdırma tələb edən məsələdir. Konsultasiya üçün müraciət edə bilərsiz. Əlaqə nömrəsi: 051 949 86 58
Yalan Dünya
20 Aprel, 2026
Salam. Men 2018ci ilde Gürcüstanda İlya Chavchavadze adına Dövlət universitetini bitirmişəm. Diplomunun Azerbaycanda tanınması ucun nə etməliyəm
Hicrət Hüseynzadə
1 May, 2026
Salam, müvafiq sənədlərlə birlikdə Təhsildə Keyfiyyə Təminatı Agentliyinə müraciət etməlisiz. Əlavə məlumat üçün mənimlə əlaqə saxlaya bilərsiz: 051 949 86 58