23 İyul, 2023
Şəxsi qeydiyyatda olduğu mənzildən necə qeydiyyatdan çıxarmaq olar?

Vərəsəlik hüququnun həyata keçirilməsi zamanı, o cümlədən mənzilin alğı-satqısı zamanı insanların ən çox üzləşdikləri problemlərdən biri də mənzildə qeydiyyatda olan şəxsin qeydiyyatdan çıxarılması məsələsidir.
Mənzildə qeydiyyatda olan şəxsin qeydiyyatdan çıxarılması müxtəlif amillərlə bağlı ola bilər: şəxsin həmin mənzildə formal olaraq qeydiyyatda olub uzun müddət orada yaşamaması; mənzilin alğı-satqı edilməsinə baxmayaraq keçmiş mənzil sahibinin ailə üzvlərinin qeydiyyatdan çıxmaması; ailə münasibətlərinə xitam verilməsinə baxmayaraq keçmiş ailə üzvünün həmin mənzildə qeydiyyatda olması və s.
Şəxs hansı hallarda qeydiyyatdan çıxarılır?
Şəxsin mənzildən qeydiyyatdan çıxarılmasının hüquqi əsaslarıı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanun”un 9-cu maddəsində aşağıdakı formada müəyyən edilmişdir:
1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən;
2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən;
3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında;
4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında;
5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında;
6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.
Bəs formal olaraq mənzildə qeydiyyatda olan şəxsi mənzildən necə qeydiyyatdan çıxarmaq olar?
Bunun üçün mənzilin mülkiyyətçisi ərazi aidiyyatı üzrə Polis İdarəsinə müraciət edərək şəxsin qeydiyyatdan çıxarılmasını tələb edə bilər. Əksər hallarda bu cür müraciətlərə Polis İdarəsi tərəfindən imtina cavabı verilir və məsələnin məhkəmə qaydasında həll edilməli olduğu bildirilir.
Məhkəmə qaydasında şəxsi hansı formada qeydiyyatdan çıxarmaq olar?
Qeyd etdiyimiz kimi mənzildə qeydiyyatda olan şəxsin qeydiyyatdan çıxarılması üçün Polis İdarəsinə müraciət edilməlidir və yalnız Polis İdarəsindən imtina məktubu aldıqdan sonra mənzilin mülkiyyətçisinin inzibati məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etməklə şəxsin qeydiyyatdan çıxarılması öhdəliyinin icra edilməsinin Polis İdarəsinin üzərinə qoyulmasını tələb etmək hüququ var.
Əgər şəxsin qeydiyyatda olduğu mənzildən istifadə etmək hüququ varsa, bu halda ilkin olaraq şəxsin həmin hüququna xitam vermək lazımdır.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
Bunun üçün ağlabatan miqdarda pul məbləği əvəzində şəxsin istifadə hüququna xitam verilməsi tələbi ilə məhkəməyə müraciət edilməlidir.
Keçmiş ailə üzvünə, məsələn keçmiş gəlinə kompensasiya ödənilməlidirmi?
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər.Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.
Göründüyü kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsində qeyd edilmişdir ki, ailə münasibətlərinə xitam verildiyi halda da şəxsin mənzildən istifadə hüququ saxlanılır. Bu isə o deməkdir ki, həmin şəxsləri qeydiyyatdan çıxarmaq üçün kompensasiya ödəməklə onların istifadə hüququna xitam vermək, daha sonra onların qeydiyyatdan çıxarılması üçün müraciət edilməlidir.
Bəs hansı halda keçmiş ailə üzvünə kompensasiya ödənilmədən onu qeydiyyatdan çıxarmaq olar?
Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.
Mənzil Məcəlləsində istifadə hüququ ilə bağlı məsələ Mülki Məcəllədən fərqli formada tənzimlənir. Yəni, Mülki Məcəllə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün istifadə hüququnun saxlandığını qeyd edirsə, Mənzil Məcəlləsi bunun əksini nəzərdə tutur.
Bu 2 normanın qarşılıqlı şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
Yəni, keçmiş ailə üzvünün mənzildən istifadə hüququ 2009-cu il oktyabrın 1-dək yaranıbsa, bu hüquqa xitam vermək üçün ona kompensasiya ödənilməlidir.
Əgər, şəxsin istifadə hüququ 2009-cu il oktyabrın 1-dan sonra yaranıbsa, həmin hüquq dövlət qeydiyyatına alınmasyıbsa, bu halda onunla mənzil mülkiyyətçisi arasında ailə münasibətinə xitam verildikdə onun istifadə hüququ saxlanmır və ona kompensasiya ödənilmir.
Kompensasiyanın məbləği nə qədər müəyyən edilir?
Mənzildən istifadə hüququna xitam verilməsinə görə kompensasiyanın məbləği işin hallarından asılı olaraq dəyişir. Adətən, məhkəmələr şəxsin eyni şəraitli mənzildə qalması üçün 3 illik kirayə haqqının məbləğini ağlabatan miqdar kimi müəyyən edir.
Şərhlər
Əhmədov Rüfət Zahid
27 Dekabr, 2023
2020 -ci ildə ev atamdan qalıb. 2023-ci ildə boşanmışam. Kecmiş yoldaşıma kompensasiya öənməlidirmi.
Hicrət Hüseynzadə
28 Dekabr, 2023
Telefon zəngi zamanı sualınız cavablandırılmışdır.
ORUCOVA İLHAMƏ İLYAS
19 Fevral, 2024
qeydiyyatdan çıxarılmasına dair iddia ərzəsi yazılması.votsapla yazın zng catmasa zəhmət olmasa
Hicrət Hüseynzadə
6 May, 2024
Sizinlə əlaqə saxlanıldı
Mehdi Rəfizadə
25 İyul, 2024
Salam. Mən ev almaq istəyirəm. Evdə qeydiyyatda olan şəxslərdən biri xaricdə yaşayır. Azərbaycana gələ bilmir. Onu qeydiyyatdan çıxarmaq üçün nə edə bilərəm? Həmçinin, evdə qeydiyyatda olan digər şəxs xarici ölkə vətəndaşıdır. Onu necə qeydiyyatdan çıxara bilərəm? Öncədən təşəkkürlər
Hicrət Hüseynzadə
6 Avqust, 2024
Bunun üçün aidiyyəti üzrə müvafiq icra hakimiyyətinə müraciət etmək, imtina cavabı aldıqdan sonra məhkəməyə müraciət etmək lazımdır. Ətraflı məlumat üçün mənimlə əlaqə saxlaya bilərsiniz: 051 949 86 58
Cəlil Salmanov
14 Avqust, 2024
Salam mən Azərbaycanda yaşamıram ama Azərbaycanda qeydiyyatda olduğum evdən necə çıxa bilərəm?
Hicrət Hüseynzadə
20 Aprel, 2025
Salam, qeydiyyatdan olduğunuz ünvandan çıxmaq üçün siz başqa ünvana qeydiyyata düşməlisiz və yaxud başqa ölkədə yaşayış yeri seçmisizsə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən qeydiyyatdan çıxarılırsız.
Xalikova Diana
12 Sentyabr, 2024
1997ci ilden menzilde yawamiyan bir adami geydiyatdan cixartmaq mumkundu?
Hicrət Hüseynzadə
20 Aprel, 2025
Salam, işin hallarından asılıdır. Hüquqi yardım üçün mənimlə əlaqə saxlaya bilərsiz: 051 949 86 58
Zaur
6 Oktyabr, 2024
Salam. Yoldaşimin bacisi evimize qeydiyatdadir. Ev analarinin adinadir. Qizi başka evde yaşayir. Anasi xestedir, ve qizi ona baxmir. Anasi evi satmag isteyir, ama qizi gol cekmir razilig vermir, nece qeydiyatdan cixara bilerik?
Hicrət Hüseynzadə
20 Aprel, 2025
Salam, sizin məsələni araşdırmaq lazımdır. .əxsin mənzildən istifadə hüququ olduğu halda ilk olaraq bu hüquqa xitam verilməlidir. Əlavə məlumat üçün mənimlə əlaqə saxlaya bilərsiz: 051 949 86 58
Emıl
11 Mart, 2025
Salam. Mən ailəliyəm 1 uşağım var atamgilin evinə mən və uşağım qeydiyyatdadır atamgil məni qeydiyyatdan çıxartmaq istəyir Mən Hall hazırda başqa evdə 4 ildi atamgilin yeni aldığı evdə qalıram bu evin çıxarışı anamın adınadır amma komunalnılar hamsı mənim adıma Onlar məni bu evdən çıxarda bilərlər? Bəs qeydiyyatda olduğum evdən hansı halda çıxarda bilərlər
Hicrət Hüseynzadə
20 Aprel, 2025
Salam, qeyd etdiyiniz sual işin hallarından asılı olaraq cavablandırıla bilər. Evdən istifadə hüququnuz olduğu halda sizi evdən çıxarmaq üçün məhkəmə qaydasında sizə kompensasiya ödənilməlidir. Hüquqi yardım üçün mənimlə əlaqə saxla bilərsiz: 051 949 86 58.
Emil Haciyev
11 Mart, 2025
Salam. Mən ailəliyəm 1 uşağım var atamgilin evinə mən və uşağım qeydiyyatdadır atamgil məni qeydiyyatdan çıxartmaq istəyir Mən Hall hazırda başqa evdə 4 ildi atamgilin yeni aldığı evdə qalıram bu evin çıxarışı anamın adınadır amma komunalnılar hamsı mənim adıma Onlar məni bu evdən çıxarda bilərlər? Bəs qeydiyyatda olduğum evdən hansı halda çıxarda bilərlər
Hicrət Hüseynzadə
20 Aprel, 2025
Salam, sualınız əvvəlki şərhdə cavablandırılmışdır. Hüquqi yardım üçün mənimlə əlaqə saxla bilərsiz: 051 949 86 58.
Aslı İbadova
2 Aprel, 2025
Salam məni məcburi qeydiyyatda olduğum mənzildən çıxarda bilərlərmi? Ailəliyəm nigah haqqından şəhadətnaməmdə var lakin qeydiyyat yerimi dəyişməmişəm bu məcburidirmi? Mütləq dəyişməliyəmmi? Hansı halda dəyişməliyəm
Hicrət Hüseynzadə
20 Aprel, 2025
Salam, qeyd etdiyiniz sual işin hallarından asılı olaraq cavablandırıla bilər. Evdən istifadə hüququnuz olduğu halda sizi evdən çıxarmaq üçün məhkəmə qaydasında sizə kompensasiya ödənilməlidir. Hüquqi yardım üçün mənimlə əlaqə saxla bilərsiz: 051 949 86 58.