15 Mart, 2026
Valideynlikdən məhrumetmə: əsaslar, məhkəmə qaydası və hüquqi nəticələr
Valideynlik hüququndan məhrumetmə Azərbaycan Respublikasının ailə qanunvericiliyində uşağın mənafeyinin qorunması məqsədilə tətbiq edilən ən ciddi hüquqi tədbirlərdən biridir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən uşaqları tərbiyə etmək və onların qayğısına qalmaq valideynlərin borcudur, hansı ki dövlət valideynlərin bu vəzifələri icra etməsinə nəzarət edir.
Valideynlik hüququndan məhrumetmə hansı hallarda tətbiq edilir?
Ailə qanunvericiliyinə əsasən valideyn aşağıdakı əsaslardan biri olduqda valideynlik hüquqlarından məhrum edilə bilər:
- Məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müəyyən edilmiş alimenti ödəmədikdə;
- Qanunvericilikdə müəyyən edilmiş valideynlik vəzifələrini icra etməkdikdə;
- Öz valideynlik hüquqlarından sui-istifadə etdikdə;
- Xroniki alkoqol və narkomaniya xəstəsi olduqda;
- Üzrlü səbəblər olmadığı halda uşağı doğum evindən və ya hansısa sosial xidmət müəssisələrindən götürmədikdə;
- Uşaqlara qarşı məişət zorakılığı ilə əlaqədar hərəkətlər etdikdə;
- Uşaqların və yaxud ərinin (arvadının) həyat və sağlamlığı əleyhinə qəsdən cinayət törətdikdə;
- Uşaqlara qarşı cinsi zorakılıq və cinsi istismarla əlaqədar cinayət törətdikdə.
Valideynlik hüququndan məhrumetmə qaydası:
Valideynlik hüququndan məhrumetmə yalnız məhkəmə qaydasında həyata keçirilir və hər bir hal üzrə uşağın mənafeyi əsas meyar kimi qiymətləndirilir. Bunun üçün maraqlı şəxsin məhkəməyə iddia ərizəsi və digər zəruri sənədləri (valideynlik hüququndan məhrumetmə üçün əsasların yarandığını təsdiq edən sübutlar, ilkin mediasiya sessiyasının keçirilməsinə dair arayış, dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz, tərəflərin və uşağın şəxsiyyətini təsdiq edən sənədlərin surəti və s.) təqdim etməsi zəruridir.
Kimlər məhkəməyə müraciət edə bilər?
Şəxsin valideynlik hüquqlarından məhrum edilməsi üçün məhkəməyə müraciət etmək hüququ olan maraqlı şəxslərin dairəsi qanunvericilikdə nəzərdə tutulmuşdur. Həmin şəxslərə aşağıdakılar aiddir:
- Uşağın digər valideyni (və ya onları əvəz edən şəxs);
- Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;
- Prokuror;
- Yetkinlik yaşına çatmayanların hüququnu müdafiə edən orqan və ya müəssisə.
Valideynlik hüquqlarından məhrumetməyə dair işlərə baxılan zaman məhkəmə mütləq qaydada yerli icra hakimiyyətlinin qəyyumluq və himayə orqanını işə cəlb etməlidir.
Valideynlik hüququndan məhrumetmənin hüquqi nəticələri
Valideynlik hüququndan məhrumetmə aşağıdakı hüquqi nəticələrə səbəb olur:
1. Valideynlik hüquqlarından məhrum edilmiş valideyn uşağa münasibətdə həmin uşaqla qohumluq faktına əsaslanan bütün hüquqlarını, o cümlədən ailə qanunvericiliyinə əsasən uşaqdan təminat almaq, habelə uşaqlar üçün təyin edilmiş dövlət müavinəti almaq və imtiyazlardan istifadə etmək hüququnu itirir;
2. Valideynlik hüquqlarından məhrum edilmiş valideyn hər bir halda uşağın saxlanmasını təmin etməli, o cümlədən aliment ödəməlidir (müvafiq məhkəmə qərarı olduqda);
3. Uşaq valideynlik hüquqlarından məhrum edilmiş valideynin əmlakına mülkiyyət hüququna və ya həmin əmlakdan istifadə etmək hüququna, o cümlədən uşağın valideynlərlə və digər qohumlarla qohumluğuna əsaslanan əmlak hüquqlarına, həmçinin valideyninin və başqa qohumlarının vərəsəsi olmaq hüququna malikdir;
4. Valideynlikdən məhrumetmə barədə məhkəmə qətnaməsindən 6 ay keçdikdən sonra uşaq digər şəxs tərəfindən övladığa götürülə bilər.
Valideynlik hüquqları bərpa edilə bilərmi?
Bəli, valideynlik hüquqlarından məhrum edilmiş valideynin ərizəsi əsasında məhkəmə qaydasında bu hüquqların bərpası mümkündür.
Bunun üçün mütləq qaydada valideynlik hüquqlarından məhrum edilmiş şəxsin həyat tərzi, onun əxlaqı, uşağın tərbiyəsinə münasibəti dəyişməli və bu hallar məhkəmədə sübuta yetirilməlidir.
Şəxs öz valideynlik hüquqlarının bərpası ilə birlikdə uşağın ona qaytarılması barədə də tələb irəli sürə bilər.
Şəxsin valideynlik hüquqlarının bərpası uşağın mənafeyinə zidd olduğu halda məhkəmə uşağın rəyi əsasında valideynlik hüquqlarının bərpası barədə ərizəni rədd edə bilər.
Valideynlik hüquqlarının bərpası 10 yaşına çatmış uşağa münasibətdə ancaq onun razılığı ilə mümkündür.
Əgər uşaq övladlığa götürülmüşsə və hələ də övladlığa götürülmə ləğv edilməyibsə, valideynlik hüquqları bərpa edilə bilməz.
QEYD: Məqalə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən hazırlanmışdır və ümumi məlumat xarakteri daşıyır.
Hüquqi əsas: Azərbaycan Respublikasının Ailə Məcəlləsi
Müəllif: [Hicrət Hüseynzadə] – hüquqşünas / vəkil
Ailə hüququ üzrə hüquqi məsləhətçi.
Valideynlik hüququndan məhrumetmə və digər ailə hüququ məsələləri üzrə peşəkar vəkil yardımı almaq üçün bizimlə əlaqə saxlaya bilərsiniz.
Əlaqə nömrəsi: 051 949 86 58
Gmail ünvanı: [email protected]
Tez-tez verilən suallar
Valideynlik hüququndan məhrumetmə neçə müddətdə baş verir?
Müddət işin mürəkkəbliyindən və təqdim olunan sübutlardan asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir.
Valideyn hüquqlarından məhrum edilən şəxs aliment ödəyirmi?
Bəli, valideyn hüquqlarından məhrum edilmə aliment öhdəliyini aradan qaldırmır.
Valideynlik hüquqları sonradan bərpa edilə bilərmi?
Bəli, qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mövcud olduqda məhkəmə qaydasında bərpa mümkündür.


Yazıya şərh yaz