11 Yanvar, 2026
Xaricdə doktorantura təhsili alanlar Azərbaycanda işləyə bilərmi?!
Son dövrdə gənclərin doktoratura təhsili almaq üçün xarici ölkələrin ali təhsil müəssisələrinə müraciət etdiyinin şahidi oluruq. Doktorantura təhsil pilləsində oxuyan şəxslər onlara hərbi xidmətdən möhlət verilməsi üçün hərbi qeydiyyatda olduqları quruma müraciət edirlər.
Hansı hallarda doktoranturada təhsil alan şəxslərə möhlət verlir?
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müddətli həqiqə hərbi xidmətə çağırışdan möhlət verilməsi əsaslarından biri də şəxsin doktorantura təhsili almasıdır. Belə ki, sözügedən qanuna əsasən əyani təhsilalma formasında doktoranturada (adyunkturada) təhsil alanlara təhsilini bitirənədək möhlət verilir.
Göründüyü kimi qanunverilikdə doktorantura təhsil pilləsində məhz əyani təhsilalma formasında təhsil alan şəxslərə təhsilini bitirdiyi günədək möhlət verilməsi nəzərdə tutulmuşdur.
“Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”na əsasən fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 3 il müəyyən edilmişdir. Lakin, xarici ölkələrin ali təhsil müəssisələrində bu müddət bəzən 4 il və ya daha çox olur.
Möhlət verilməsi üçün digər tələb ondan ibarətdir ki, şəxs doktorantura təhsil pilləsi üzrə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında və ya xarici ölkələrdə dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında, elmi müəssisə və təşkilatlarda təhsil almalıdır.
Mövcud qanunvriciliyə əsasən hər bir şəxs hər bir təhsil pilləsi üzrə möhlət almaq hüququndan bir dəfə istifadə edə bilər.
Əyani təhsilalma formasında xarici ölkədə doktoranturada oxuyan şəxs Azərbaycanda əmək fəaliyyəti ilə məşğul ola bilərmi?
“Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”na əsasən doktoranturada təhsilalma əyani (istehsalatdan ayrılmaqla) və qiyabi (istehsalatdan ayrılmamaqla) formalar üzrə həyata keçirilir.
Göründüyü kimi qanunvericilikdə əyani təhsilalma formasında təhsil alan şəxslərin istehsalatdan ayrılmaqla, yəni əmək fəaliyyəti ilə məşğul olmadan təhsil alması qeyd edilib.
Lakin, şəxsə doktoranturada əyani təhsilma formasında təhsil aldığı üçün möhlət verilməsindən sonra onun əmək fəaliyyəti ilə məşğul olmasına görə ona verilən möhlətin ləğvinə dair qanunvericilikdə heç bir əsas göstərilməmişdir. Buna baxmayaraq, son zamanlarda rayon çağırış komissiyaları xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alan, lakin Azərbaycan Respublikasında əmək fəaliyyəti göstərən şəxslərin möhlətini ləğv edir və onların hərbi xidmətə cəlb olunması barədə qərar qəbul edir.
Belə olan halda həmin şəxslər məcburiyyət qarşısında qalıb əmək müqaviləsinə xitam verib işdən çıxırlar.
Möhlət hüququ ləğv edilmiş şəxslər bu hüququ bərpa edə bilərmi?!
Xarici ölkədə doktoranturada oxuyan və Azərbaycan Respublikasında əmək fəaliyyəti göstərən şəxslər onlara verilən möhlət hüququ ləğv edildiyi halda rayon çağırış komissiyasının müvafiq qərarının ləğvi və ona daha öncə verilmiş möhlətin bərpa edilməsinə dair iddia qaldıra bilərlər.
Məhkəmə bu formada qaldırılan iddianı təmin etdiyi halda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq İdarəsinin üzərinə həmin şəxsə möhlət verilməsinə dair öhdəliyin qoyulması barədə qərar qəbul edir və həmin qərar qanuni qüvvəsini aldıqdan sonra şəxsin möhlət hüququ bərpa olunmalıdır.
Bu baxımdan xaricdə əyani təhsilalma formasında doktoranturada təhsil alıb Azərbaycan Respublikasında rəsmi əmək fəaliyyəti ilə məşğul olan şəxslər onlara verilən möhlət hüququ ləğv edildiyi halda möhlətin bərpası ilə bağlı qanunvericilikdə nəzərdə tutulan müddətdə və formada inzibati orqanın qərarını məhkəmədə mübahisələndirə və bu məsələnin məhkəmə müstəvisində həllinə nail ola bilərlər.
Peşəkar hüquqi yardım üçün bizə müraciət edə bilərsiz.


Yazıya şərh yaz