H Ü S E Y N Z A D Ə
9 İyun, 2025

Mənzil orderi əsasında evə “kupça” almaq olar?!

Mənzil orderi əsasında evə “kupça” almaq olar?!

Son dövrlərdə insanları düşündürən məsələlərdən biri də mənzil orderi və ya mənzil kirayə müqaviləsi əsasında el arasında “kupça” adlandırılan daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair çıxarış sənədini almaqdır.

Bəzi insanlar elə hesab edir ki, onların mənzilə dair orderləri və ya mənzil kirayə müqavilələri varsa həmin ev onların mülkiyyətindədir və həmin əmlakı rahatlıqla kiməsə sata və ya bağışlaya bilərlər.

Lakin, həmin şəxslər vacib bir məsələni unudurlar ki, mənzilə dair ailə  üzvlərindən birinin adına tərtib edilmiş order və ya mənzil kirayə müqaviləsinin olması hələ o mənzil üzərində mülkiyyət hüquqununun yaranması, başqa sözlə həmin əmlakla bağlı hər hansı notarial əməliyyatların aparılmasının mümkünlüyü anlamına gəlmir.

Keçmiş Sovetlər dönəmində qanunvericilikdə “xüsusi mülkiyyət” anlayışı olmadığı üçün mənzillər dövlət tərəfindən mənzil orderi və ya mənzil kirayə müqaviləsi əsasında ayrı-ayrı şəxslərin sahibliyinə verilirdi. Xüsusi mülkiyyət məfhumunun mövcud olmaması həmin mənzillər üzərində fiziki şəxslərin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını mümkünsüz edirdi.

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra qəbul edilən qanunvericilik aktlarında, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsində hər kəsin mülkiyyət hüququnun olduğu təsbit edilməklə “xüsusi mülkiyyət” məfhumu formalaşmağa başlamışdır.

Mənzil orderi (və ya mənzil kirayə müqaviləsi) əsasında əldə edilən əmlakların özəlləşdirilməsinin əsasları isə Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Qanunla (bundan sonra - Qanun) müəyyən edilmişdir.

Sözügedən Qanunun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır.

         Bəs mənzil orderi əsasında kupça almaq üçün hansı sənədlər tələb olunur?

Qanuna əsasən mənzil orderi əsasında kupça (çıxarış) almaq üçün ərizəçidən aşağıdakı sənədlər tələb olunur:

  1. Mənzil orderi və ya və ya mənzil kirayə müqaviləsi, həmçinin əgər varsa sənədin arxiv çıxarışı;
  2. Mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma);
  3. Ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin notarial qaydada verilmiş razılıq ərizəsi.

          Mənzilə (evə) hüququ olan şəxslər dedikdə kimlər nəzərdə tutulur?

Mənzil orderi (mənzil kirayə müqaviləsi) sənədi ailə üzvlərinin tərkibinə görə verildiyi üçün həmin orderdə (və ya müqavilədə) mənzilin verildiyi şəxsin adından savayı hər bir ailə üzvünün adı da qeyd edilirdi. Mövcud qanunvericiliyin tələbinə əsasən mənzil orderi əsasında bir şəxsə verilən mənzil təkcə həmin şəxsin adına deyil, həmçinin mənzil orderində (və ya müqavilədə) adı qeyd edilən digər şəxslərdən birinin adına da dövlət dövlət qeydiyyatına alına və həmin şəxsə  kupça (çıxarış) verilə bilər.

Ona görə də Qanunda birbaşa qeyd edilib ki, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər.

Bu da onu deməyə əsas verir ki, mənzil kirayə müqaviləsi və ya mənzil orderi əsasında hər hansı şəxsə verilən mənzil təkcə həmin şəxsin adına yox, həmçinin həmin sənədlərdə adı qeyd edilən yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə digər şəxsin də adına dövlət qeydiyyatına alına bilər.

          Mənzil orderi əsasında kupça almaq üçün hansı orqana müraciət etmək lazımdır?

Yuxarıda sadalanan sənədləri topladıqdan sonra ərizəçi müvafiq ərizə ilə əmlakın yerləşdiyi yer üzrə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin müvafiq ərazi idarəsinə müraciət etməlidir.

Müvafiq orqan tərəfindən ərizəyə mahiyyəti üzrə baxıldıqdan sonra ərizəçinin mənzil (ev) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və buna dair çıxarışın (kupçanın) verilməsi və ya bundan imtina barədə qərar qəbul edilir.

              Mənzil orderi əsasında kupça (çıxarış) verilmədiyi halda nə etmək lazımdır?

Ərizəçinin ərizəsi əsasında müvafiq orqan mənzil orderi əsasında kupça (çıxarış) verməkdən imtina edirsə bu halda ərizəçi orqanın imtina məktubundan, başqa sözlə orqanın hərəsətsizliyindən müdafiəyə dair inzibati qaydada məhkəməyə iddia ərizəsi vermək hüququna malikdir.

Məhkəmə işə mahiyyəti üzrə baxdıqdan sonra iddia təmin edildiyi halda məhkəmənin yekun qərarı əsasında müvafiq orqan mənzil orderi əsasında şəxsə kupça (çıxarış) verməlidir.

Hüquqlarınızın müdafiəsi üçün bizə müraciət edə bilərsiniz.

Yazıya şərh yaz

Your email address and phone number will not be published. Required fields are marked *